AMEA-nın Fizika İnstitutunda pilot layihənin yerinə yetirilməsinin gedişi ilə bağlı seminar keçirilmişdir
Bakı, 5 oktyabr (AZƏRTAC). Oktyabrın 5-də AMEA-nın Fizika İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı hesabına maliyyələşdirilən “Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu” pilot layihəsinin yerinə yetirilməsinin gedişi ilə bağlı seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdikləri seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirmişdir ki, pilot layihə çərçivəsində AMEA-nın Fizika İnstitutunun maddi-texniki bazasının yeniləşdirilməsi, Yaponiya, ABŞ, Almaniyadan ən müasir cihazların (əsasən nanotexnologiyalar sahəsi üzrə) alınıb gətirilərək müəssisədə quraşdırılması nəzərdə tutulur. Eyni zamanda, gənc alimlərin hazırlanmasına diqqət göstəriləcəkdir.
E.Babayev pilot layihənin uğurla reallaşdırıldığını diqqətə çatdırmışdır.
Alim və mütəxəssislərdən Key İmai (Çiba Texnoloji İnstitutu, Yaponiya), Nadir Abdullayev (AMEA Fizika İnstitutu) və başqaları pilot layihə çərçivəsində həyata keçirilən tədbirlərdən və onun əhəmiyyətindən danışmışlar.
Seminarda “Ultrabənövşəyi, görünən və infraqırmızı spektroskopik ellipsometriya: ABŞ Vulam şirkətinə pilot layihəsi üzrə ezamiyyət haqqında”, “Nanostrukturlu CdS nazik təbəqələri: texnoloji rejimlər və rentgen difraktometriya, keçici elektron mikroskopiya, konfokal spektroskopiya, spektroskopik ellipsometriya üzrə pilot tədqiqatları” və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov iştirak etmişdir.