AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir
Bakı, 7 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, institutun elmi şurasının üzvlərinin və gənc əməkdaşlarının iştirak etdikləri tədbiri direktor, kənd təsərrüfatı üzrə elmlər doktoru Zeynal Əkpərov açaraq müəssisənin elmi fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
Z.Əkpərov institutda gənc kadrlara xüsusi önəm verildiyini, onların elmə cəlb olunması sahəsində mühüm işlər həyata keçirildiyini bildirmişdir. Vurğulamışdır ki, son illərdə instituta 60-a yaxın gənc kadr cəlb olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, AMEA Rəyasət Heyətinin bu il oktyabrın 17-də keçirilmiş növbəti iclasında akademiyanın institutlarında Gənc Alim və Mütəxəssislər Şurasının təsis olunması barədə qərar qəbul edilmişdir. Bu qərara əsasən Genetik Ehtiyatlar İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının yaradılması gənclərin beynəlxalq elmi mərkəzlərə inteqrasiyasına kömək edəcək, həmçinin elm sahəsində həyata keçirilən işlərə dəyərli töhfəsini verəcəkdir.
Tədbirdə institutun doktorantı Məhəmməd Eldarov yeni yaradılmış şuraya sədr, 15 nəfər isə səsvermə yolu ilə üzv seçilmişdir. Həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına üzv olmaq üçün institutdan 3 nəfərin namizədliyi irəli sürülmüşdür.
Tədbirdə biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov 2006-cı ildə institutda yaradılmış Gənc Alimlər Şurasının fəaliyyəti haqqında məlumat vermişdir.
Diqqətə çatdırılmışdır ki, Gənc Alimlər Şurasının əsas fəaliyyəti institutun beynəlxalq əlaqələrinin genişləndirilməsi, dünya elminə inteqrasiyası, Azərbaycanda biologiya və aqrar elmlər üzrə yeni elm sahələrinin inkişaf etdirilməsi, müasir metodika və texnologiyaların bu elm ocağına gətirilməsi, beynəlxalq məqalələrin dərc olunması, həmçinin bacarıqlı və istedadlı gənclərin elmə cəlb edilməsi istiqamətlərində həyata keçirilən işlərdə onların institut rəhbərliyinə kömək göstərməsindən ibarətdir. Vurğulanmışdır ki, son 5 ildə institutun gənc alimlərindən 12 nəfəri beynəlxalq proqramların iştirakçısı olmuşdur.
Hazırda isə 5 nəfər gənc tədqiqatçı Erasmus Mundus və Norman Borlauq proqramları çərçivələrində ABŞ-ın Vaşinqton, Almaniyanın Gottingen, Estoniyanın Tallin və Polşanın Həyat Elmləri universitetlərində tədqiqat işi aparırlar.