AMEA-nın müxbir üzvü Misir Mərdanovun 80 illik yubileyinə həsr olunmuş elmi sessiya
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli riyaziyyatçı-alim, AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Misir Mərdanovun 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və AMEA Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsi tərəfindən təşkil edilib.
Tədbirdən öncə professor Misir Mərdanovun 80 illik yubileyi çərçivəsində hazırlanmış sərgi ilə tanışlıq olub.
Elmi sessiyanı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Misir Mərdanovun Azərbaycan riyaziyyat elminin inkişafında, yüksəkixtisaslı kadrların hazırlanmasında və elmi-pedaqoji fəaliyyətin təşkilində xidmətlərindən danışıb.
Prezident İlham Əliyevin “Misir Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında” Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıran akademik İsa Həbibbəyli Azərbaycan alimlərinə və elminə hər zaman göstərdiyi yüksək diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Akademik qeyd edib ki, Misir Mərdanovun baş redaktorluğu ilə nəşr olunan “Azerbaijan journal of Mathematics” jurnalı “Scopus” bazasında indekslənir.
AMEA prezidenti çıxışının sonunda Misir Mərdanovu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edib, ona “AMEA-nın döş nişanı” və hədiyyələr təqdim edib.
Tədbirdə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Misir Mərdanovun böyük alim kimi Azərbaycan riyaziyyat elminə töhfələr verdiyini söyləyib. Qeyd edib ki, Misir Mərdanov həm Bakı Dövlət Universitetinin rektoru, həm də Azərbaycanın təhsil naziri kimi kifayət qədər səmərəli fəaliyyət göstərib. O, 1990-cı illərdə, Azərbaycanın ağır günlərində qısa müddətdə universitetin infrastrukturunu ciddi şəkildə dəyişdirib. Beləliklə də universitetin siması dəyişib və tədris sahəsində əhəmiyyətli canlanma baş verib.
Əli Əhmədov bildirib ki, Bakı Dövlət Universitetində əldə olunan yüksək nailiyyətlər Misir Mərdanovun daha yüksək pilləyə və Azərbaycan təhsilinə daha böyük xidmətlər göstərə biləcək bir vəzifəyə təyin edilməsi üçün əsas olub. O, nazir olduğu zaman da həm universitet təhsilinə, həm də orta məktəb təhsilinə böyük töhfələr verib.
Elmi sessiyada, həmçinin AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA-nın həqiqi üzvü Əli Abbasov, Bakı Dövlət Universitetinin kafedra müdirləri - akademik Yusif Məmmədov, akademik Abel Məhərrəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun şöbə müdiri fizika-riyaziyyat elmləri doktoru Telman Məlikov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri professor Fərrux Rüstəmov çıxış edərək professor Misir Mərdanovun zəngin ictimai-siyasi fəaliyyətindən, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərindən danışıblar.
Tədbirdə çıxış edən professor Misir Mərdanov göstərilən diqqət və yüksək qiymətə görə minnətdarlığını bildirib. O, 80 illik ömrünün müxtəlif mərhələlərindən, elmə gəlişindən, müəllimlərindən və elmi fəaliyyətindən söz açıb, həyatının ən böyük qazancının xalqına və Vətəninə xidmət etməyə çalışmaq olduğunu deyib.