AMEA və TÜBİTAK-ın birgə müsabiqəsinə təqdim olunacaq layihələr müzakirə edilib
Bakı, 18 noyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında elan olunmuş müştərək layihə müsabiqəsi çərçivəsində bu elmi müəssisənin əməkdaşları tərəfindən təqdim olunması planlaşdırılan layihələrin müzakirəsi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Müşavirədə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev əvvəlcə Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Prezident İlham Əliyevin 2022-ci il 28 iyul tarixli Fərmanının icrasından irəli gələn vəzifələrdən danışıb. Alim bildirib ki, İnformasiya Texnologiyaları İnstitutu yeni hüquqi şəraitdə qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, öz fəaliyyətini yenidən qurmalıdır. İnstitutun fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə elmi əməkdaşlıq əlaqələri möhkəmləndirilməli, dünyanın çağırışları fonunda rəqəmsal transformasiya, rəqəmsal iqtisadiyyat, Big Data və s. kimi qlobal problemlərə həsr olunan mövzular seçilməli, bu mövzular qlobal çağırışlara cavab verməli və milli maraqları əks etdirməlidir.
Rəhbərlik etdiyi elmi müəssisədə aparılan tədqiqatların multidissiplinar xarakter daşıdığını qeyd edən alim institut əməkdaşlarının, xüsusilə gənc, yüksəkixtisaslı kadrların həm ölkə, həm də beynəlxalq səviyyəli qrant layihələrdə fəal iştirakının son dərəcə vacib olduğunu deyib.
Türk dövlətləri ilə səmərəli elmi əməkdaşlıq əlaqələrinin təşkilinin əhəmiyyətini önə çəkən akademik R.Əliquliyev bildirib ki, bu gün türk dünyasının əsas hədəflərindən biri texnoloji potensialın, iqtisadiyyat və innovasiyanın gücləndirilməsi, eləcə də yüksəkkeyfiyyətli insan resurslarının yaradılmasıdır.
Alim qeyd edib ki, hazırda Türkiyədə elm siyasətini həyata keçirən nüfuzlu qurumlardan olan TÜBİTAK-ın fəaliyyətinin əsas istiqamətini fundamental elmlər və texnologiya təşkil edir. Alim və mütəxəssislərimiz Türkiyənin tanınmış ali məktəbləri, tədqiqat mərkəzləri və elmi müəssisələrində çalışan həmkarları ilə əməkdaşlığı möhkəmləndirməli, birgə tədqiqatlar həyata keçirməli, kadr və təcrübə mübadiləsində fəal iştirak etməlidirlər.
Daha sonra institutun baş direktoru Qazaxıstan və Özbəkistanla əməkdaşlıq perspektivlərindən danışıb. Alim bu ölkələrin AMEA-nın elmi müəssisələri ilə əməkdaşlıq əlaqələrinin təşkilində maraqlı olduqlarını söyləyib, hər iki ölkənin elmi-tədqiqat mərkəzləri ilə birgə layihələrdə iştirak etməyin, multidissiplinar tədqiqatlar aparmağın vacibliyini vurğulayıb.
Sonda institutun alim və mütəxəssisləri tərəfindən təklif edilən qrant layihələr ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.