AMEA YT Park və Avtomobil Yolları Dövlət Agentliyi birgə layihələr həyata keçirəcək
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nəqliyyat İdarəsinin rəis müavinləri Əsədulla Səvzixanov və Mehman İbrahimov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzinin laboratoriya avadanlıqları və xidmətləri barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi-tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyinin artırılması YT Parkın əsas məqsədlərindəndir.
Bildirilib ki, YT Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması məqsədilə elmi-tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastruktura, maddi-texniki bazaya və idarəetmə qurumlarına malikdir. YT Parkın ərazisində xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün əlverişli şərait yaradılıb.
Ekspertlər daha sonra YT Parkın rezidentlərinin istehsal etdiyi elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsullar, Təcrübə-Sənaye Zavodu, “Elm və Texnologiya Parkı” MMC və “Millers oils” Azərbaycan şirkətinin istehsal sahələri ilə tanış olublar. Onlara “izoplast-200” maddəsi barədə məlumat verilərək bildirilib ki, bu maddə bituma əlavə olunaraq asfalt salınmasında sınmanın və əlavə çatların əmələ gəlməsinin qarşısını alır, elastikliyi, asfaltın dözümlülüyünü artırır və suyu özündən uzaqlaşdırır.
Avtomobil Yolları Dövlət Agentliyinin Nəqliyyat İdarəsinin əməkdaşları təmsil etdikləri qurumun bu məhsullara ehtiyacı olduğunu bildiriblər.
Görüş çərçivəsində, həmçinin YT Parkın mütəxəssisləri tərəfindən çoxsaylı suallar cavablandırılıb. İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.