RƏSMİ XRONİKA
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CORC BUŞA
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağım münasibətilə səmimi təbrikinizə və xoş arzularınıza görə Sizə dərin təşəkkürümü bildirirəm.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatmış münasibətlərin qurulmasında, təşəkkülündə və inkişafında atam Prezident Heydər Əliyevin rolunu və xidmətlərini yüksək qiymətləndirməyinizdən böyük məmnunluq və hədsiz qürur duyuram.
Bu gün Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin bütün sahələrdə genişlənməsi, yüksələn xətlə davam etməsi bizi sevindirir. Bir sıra mühüm sahələrdə, irimiqyaslı iqtisadi layihələrdə ölkələrimizin sıx əməkdaşlığı, birgə fəaliyyəti və qarşılıqlı səyləri nəticəsində əldə etdiyimiz uğurlar bu qəbildəndir.
Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, beynəlxalq terrorizmə qarşı Amerika Birləşmiş Ştatlarının qətiyyətlə başladığı mübarizənin ilk günlərindən Azərbaycan birincilər sırasında antiterror koalisiyasına qoşularaq bəşəriyyətin məhvi üçün real təhlükə doğuran bu bəlanın aradan qaldırılması işinə öz töhfəsini verməyə çalışmışdır. Azərbaycan son dövrdə Amerika Birləşmiş Ştatlarının başçılığı ilə İraqda həyata keçirilmiş əməliyyatlara da dəstək verdiyini bəyan edərək ABŞ ilə bir sırada durduğunu, əsl tərəfdaş olduğunu bariz şəkildə nümayiş etdirmişdir. Bu günlərdə Azərbaycan sülhməramlılarının beynəlxalq koalisiya tərkibində öz missiyalarını yerinə yetirmək üçün İraqa yola düşməsi dediklərimizin daha bir təsdiqidir.
Qərbin iri neft şirkətləri ilə Azərbaycanın 1994-cü ilin sentyabrında bağladığı “Əsrin müqaviləsi”ndən başlanan neft strategiyasının həyata keçirilməsində və yeni-yeni zirvələr fəth etməsində Amerika Birləşmiş Ştatları hökumətinin müstəsna rolu vardır. Böyük minnətdarlıq hissi ilə bildirirəm ki, bu gün artıq əfsanədən gerçəkliyə çevrilmiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi məhz ABŞ-ın sanballı siyasi və iqtisadi dəstəyi hesabına gerçəkləşmişdir.
Müstəqillik qazandıqdan sonra Azərbaycanın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında xalqımız ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Amerika Birləşmiş Ştatlarının və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyir.
Siyasi və demokratik islahatlar yolunu tutmuş Azərbaycan indi prezident seçkiləri ərəfəsindədir. Biz Amerika Birləşmiş Ştatları, müvafiq beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq şəraitində ölkəmizdə beynəlxalq normalara uyğun azad və demokratik seçkilər keçirmək əzmindəyik.
Sizi əmin edirəm ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında mövcud dostluq, sıx əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirmək məqsədini güdən siyasi iradəmizin həyata keçirilməsi istiqamətindəki səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Atam Prezident Heydər Əliyevə, ailəmizə böyük diqqət və qayğınıza görə Sizə son dərəcə minnətdaram.
Sizə möhkəm cansağlığı, ailə səadəti, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Baş naziri.
13 avqust 2003-cü il.