SİYASƏT
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CORC BUŞA
Möhtərəm cənab prezident!
Amerika Birləşmiş Ştatlarında dəhşət doğuran terror aksiyaları nəticəsində baş vermiş faciəli olaylar qəlbimizi ağrı və qəzəb hissi ilə doldurmuşdur. Biz bu hadisələri təkcə Amerika xalqı əleyhinə deyil, bütün sivil bəşəriyyətə qarşı yönəldilmiş ən çirkin cinayət kimi qiymətləndiririk.
Azərbaycan xalqı özü təcavüz və terrorizmin acı nəticələrini hələ bu günə qədər üzərində hiss etməkdədir. Amerika xalqının dərdinə və əzablarına şərik olmaqla yanaşı, kimliyindən və məqsədlərindən asılı olmayaraq, bütün terrorçuları qəzəblə lənətləyirik. Onlar mütləq Allahın bəlasına gələcəklər. Çünki bu qanlı əməl Uca Yaradanın, bütün dünya dinlərinin ikrah etdiyi bağışlanılmaz günahdır.
Bu acı matəm günündə ürəyimiz fəlakətə düçar olmuş amerikalıların yanındadır. Çirkin terrorun qurbanlarının əziz ruhları üçün dualar edirik. Möhtərəm cənab Prezident, Sizə, həlak olanların qohumlarına və yaxınlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı veririk.
Şeyxülislam
Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, 12 sentyabr 2001-ci il