AMERİKANIN AZƏRBAYCAN CƏMİYYƏTİ PREZİDENT CORC BUŞA MƏKTUB GÖNDƏRMİŞDİR
Vaşinqtondan AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Amerikanın Azərbaycan Cəmiyyətinin prezidenti xanım Tomris Azəri “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin daha bir il müddətinə dayandırılması ilə əlaqədar Birləşmiş Ştatların Prezidenti cənab Corc Buşa məktub göndərmişdir. Məktubda deyilir:
“Əziz cənab Prezident!
“Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması müddətinin uzadılması ilə əlaqədar Amerikadakı Azərbaycan icmasının bütün üzvləri və dostları adından təşəkkürümüzü qəbul edin. Amerika azərbaycanlıları olaraq biz Sizin bu addımınızı ölkənin öz milli maraqlarını bəzi məlum xüsusi qrupların marağından üstün tutması kimi qiymətləndiririk.
Seçkilərdə Sizə səs verərkən biz bilirdik ki, yeni minillikdə qloballaşma şəraitində güclü dövlət və möhkəm sülh yaradılması Sizin ümdə vəzifələriniz olacaqdır. Biz inanırıq ki, dünyada yeganə super dövlət kimi Amerika qlobal sülhün təmin olunması baxımından dövlətlərə qarşı gözlənilmədən hücum edən və onların sərvətlərini qarət edən təcavüzkarlara cavab verə bilər. Güman edirik ki, Siz qonşularının hüquqlarını pozan yadelli işğalçıların əməllərinə yetərincə cavab verəcəksiniz. İnanırıq ki, bizim dövləti şərtsiz dəstəkləyən bütün dövlətlərin layiqincə qiymətləndirilməsi yolunda səylərinizi əsirgəməyəcəksiniz.
Amerikadakı Azərbaycan icması Sizin terrorizmlə mübarizə əzminizi dəstəkləyir. Terrorla mübarizədə qələbə üçün təkcə Siz deyil, bütün amerikalılar, eyni zamanda, bütün bəşəriyyət səy göstərməlidir”.