REGİONLAR
Ana dilimiz ən böyük mənəvi sərvətimizdir
Bərdə, 1 avqust, AZƏRTAC
Bərdə regional “ASAN xidmət” mərkəzində 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə “Dilimiz varlığımızdır” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bir qrup fəal gənc iştirak edib.
YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Məmmədov çıxış edərək, müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin kənar təsirlərdən qorunması və inkişaf etdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin əvəzedilməz xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Liderin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından dahi rəhbərin göstərdiyi misilsiz xidmətlərdəndir. Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi fəxarətlə qeyd edilir.
Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov bildirib ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olub, onun taleyini yaşayıb. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən Ana dilimiz min illərin burulğanlarından çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Bütün maneələrə və çətinliklərə baxmayaraq, Ana dilimizi qorumaq üçün böyük addımlar atan ulu öndər Heydər Əliyevin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 2013-cü il 9 aprel tarixli sərəncamları bunun əyani göstəricisidir. Latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsinin, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olub.
Rayonun gənc müəllimləri Şəmistan Abdullayev, Şəmsiyyə Abbaszadə Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Orxan İbrahimov və başqaları çıxış edərək, dilimizin saflığının qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən, dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü dil siyasətindən, “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsindən söz açıblar.