ANKARADA ANMA MƏRASİMİ
31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Ankarada, məşhur Bilkənd Universitetində anma mərasimi keçirilmişdir.
Ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən təşkil olunmuş mərasimə Böyük Millət Məclisinin deputatları, ölkənin tanınmış siyasətçiləri, elm və mədəniyyət xadimləri, burada yaşayan və müvəqqəti ezamiyyətdə olan həmvətənlərimiz, azərbaycanlı tələbələr toplaşmışdılar.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmiş, soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə xalqımıza müraciətinin mətni oxunmuş, “Cümhuriyyət ordusu” adlı sənədli film nümayiş etdirilmişdir.
Azərbaycan səfirliyinin müşaviri Lətif Qəndilov, aspirant Mahir Qəribov, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin idarə rəisi Valeh Hacıyev, Qars, İğdır, Ərdahan platformunun baş katibi Səbahəddin Şəngül erməni daşnaklarının öz xarici himayədarlarının köməyi ilə Azərbaycan və Türkiyə torpaqlarında törətdikləri cinayətlərdən, dinc əhalinin başına gətirdikləri müsibətlərdən söhbət açmış, bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci ildə verdiyi Fərmanının əhəmiyyətini vurğulamışlar.
Türkiyə parlamentinin deputatı Hüseyn Tanrıverdi iki qardaş ölkənin tarixi əlaqələrindən, keçən əsrin əvvəllərindən sonuna qədər erməni quldur dəstələrinin, terror təşkilatlarının fəaliyyətindən bəhs etmiş, Türkiyənin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyəcəyini bildirmişdir.
Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev özgə torpaqlarına göz dikən erməni daşnaklarının bəd əməlləri nəticəsində həm azərbaycanlıların, həm də türklərin çəkdikləri müsibətləri, məruz qaldıqları terroru, soyqırımını unutmamağın vacibliyini vurğulamışdır.
Anma mərasiminin iştirakçıları foyedə təşkil olunan “Azərbaycanlılara qarşı erməni soyqırımı” adlı fotosərgiyə baxmışlar.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara