“Apple”ın gəlirləri 30 faiz artıb
Bakı, 28 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Dünyanın ən böyük texnologiya şirkətlərindən olan “Apple”ın 2015-ci maliyyə ilinin son rübü üzrə gəlirləri 30 faiz artaraq 11,1 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, “Apple”ın öz maliyyə ilinin son rübünə görə gəlirləri isə keçən ilin eyni dövrünə nisbətdə 22 faiz artımla 51,5 milyard dollar olub. “Apple” 2014-cü maliyyə ilinin son rübündə ümumi gəlirini 41,2 milyard dollar açıqlamışdı.
“Apple”ın qazancının artmasına səbəb kimi, sentyabrda bazara çıxardığı “iPhone 6s” və “iPhone 6s Plus” modellərinin satışının təsir göstərdiyi bildirilir. Şirkətdən edilən şərhdə isə, sentyabr ayı ilə sona çatan maliyyə ilində satılan “iPhone” sayının 48 milyon 460 min olmaqla keçən ilin eyni dövrünə görə 22 faiz artdığı qeyd edilib.
Qeyd edək ki, ABŞ-dakı bir çox şirkət kimi “Apple”ın da maliyyə ili oktyabrda başlayıb, bir sonrakı ilin sentyabrında başa çatır.