APRELİN 14-23-DƏ ŞAMAXIDA SINAQ SİYAHIYAALMASI KEÇİRİLƏCƏKDİR
2009-cu il aprelin 13-dən 23-dək respublikamızda əhali siyahıya alınacaqdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu mühüm kampaniyaya hazırlıq məqsədi ilə cari il aprelin 14-dən 23-dək Şamaxıda sınaq siyahıyaalması keciriləcəkdir.
Şamaxı Rayon Statistika İdarəsinin rəisi Azər Məmmədovun verdiyi məlumata görə, sınaq siyahıyaalınmasının keçirilməsinə ciddi hazırlıq görülmüşdür. Məqsəd gələn il keçiriləcək siyahıyaalmanın proqram layihəsini, təşkilati və metodoloji məsələlərini, siyahıyaalma materiallarının işlənməsi texnologiyasını yoxlayıb sınaqdan çıxarmaqdır. Artıq rayonun sərhədləri, şəhərdə küçə adları, evlərin və mənzillərin nömrələri tam dəqiqləşdirilmiş, şəhər, qəsəbə və Göylər Dağ kəndinin sxematik planları yenidən tərtib olunmuşdur. Evlərdə və yaşayış binalarında əhalinin siyahısı dürüstləşdirilmişdir. 90 min əhalini əhatə edəcək sınaq siyahıya almasının aparılması üçün 6 siyahıyaalma məntəqəsi, 40 təlimatçı məntəqəsi yaradılmış, 197 nəfər təlimatçı hazırlanmışdır. Rayon icra hakimiyyəti ilə birlikdə bu dövlət əhəmiyyətli tədbirdə əhalinin fəal iştirakını təmin etmək məqsədi ilə lazımi təbliğat işləri də aparılmışdır.
Xatırladaq ki, 1999-cu ildə keçirilən son siyahıyaalma zamanı vətəndaşlara 21 sual təqdim edildiyi halda, indi onların sayı 35-ə çatdırılmışdır. Bunun 29-u fərdi, 6-ı isə mənzil şəraitinə aiddir. Sualların 80 faizi BMT-nin tövsiyələri əsasında hazırlanmışdır. Əsasən suallar əhalinin coğrafi, demoqrafik, iqtisadi, sosial vəziyyəti, mənzil şəraiti ilə bağlı olacaqdır. Siyahiyaalmada, əsasən, daimi əhali nəzərə alınacaqdır. Əgər hər hansı Azərbaycan vətəndaşı 12 aydan çox olmayaraq başqa bir ölkəyə işləmək üçün gedibsə, bu, müvəqqəti sayılır və siyahıya alınır. Yox, 12 aydan çox gedibsə, onda siyahıya alınmır.
Siyahıyaalma təkcə suallara görə deyil, həm də müddətinə görə əvvəlkindən fərqlənəcəkdir. Belə ki, 1999-cu ildə keçirilən son siyahıyaalma 8 gün davam etdiyi halda, yeni siyahıyaalma 10 gün ərzində aparılacaqdır.
Şamaxıda keçiriləcək sınaq siyahıyaalmasının nəticələrindən asılı olaraq, ölkə əhalisinin siyahıyaalması üçün sualların sayı dəyişə bilər.
Şamaxı sıyahıyaalmasının ilkin nəticələri iyunda açıqlanacaqdır.