Aqrar sektor və təhsil sahəsi arasında əməkdaşlıq genişləndiriləcək
Bakı, 3 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyində Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şura üzvləri ilə aqrar sektor və təhsil sahəsi arasında əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə İctimai Şuranın üzvləri, eləcə də Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşları iştirak ediblər.
Görüşdə İctimai Şuranın sədri Mürvət Həsənli aqrar sahədə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkili, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi və ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların sektorun aktual problemlərinin həllinə yönəldilməsi ilə bağlı təkliflərini səsləndirib. Həmçinin aqrar sahədə prioritet ixtisaslar üzrə kadr hazırlığının genişləndirilməsi, tələbələrin praktiki bacarıqlarının inkişafı məqsədilə təcrübə bazalarının artırılması və tədris məzmununun əmək bazarının tələblərinə uyğun yenilənməsinin vacibliyi vurğulanıb.
Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman isə kənd təsərrüfatı sahəsində ixtisaslı kadr hazırlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə aqrar ixtisaslara tələbə qəbulu göstəriciləri barədə məlumat verib.
Görüşdə aqrar sektorun dayanıqlı inkişafı üçün rəqabətqabiliyyətli və peşəkar insan kapitalının hazırlanmasının prioritet əhəmiyyət daşıdığı vurğulanıb.
Sonda aqrar sahənin ehtiyaclarına uyğun kadr hazırlığının gücləndirilməsi, təhsil və istehsalat arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə razılıq əldə olunub.