REGİONLAR
Aqrar Universitetdə Bitki Mühafizəsi üzrə Birinci Milli Konfrans keçirilib
Gəncə, 2 may, Rauf Hacıyev, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində Bitki Mühafizəsi üzrə Birinci Milli Konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində təşkil olunub.
Konfransda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, nazirliyin əlaqədar alt qurumlarının rəhbər və nümayəndələri ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin təmsilçisi, beynəlxalq təşkilatların Azərbaycandakı əlaqələndiriciləri, bitki mühafizəsi üzrə çalışan elmi işçilər, mütəxəssislər, bu sahədə təhsil alan tələbələr iştirak ediblər.
AKİA-nın sədri Mirzə Əliyev çıxışında bildirib ki, yer üzündəki 50 min yeməli bitki növündən 15-i dünya əhalisinin qida enerji dəyərinin 90 faizini təşkil edir. Bunlardan ancaq 3 bitki – buğda, qarğıdalı və düyü bu yerin üçdəikisini tutur. Təkcə bu rəqəmlər bitki mühafizəsinin necə əhəmiyyətli bir fəaliyyət olduğunu söyləməyə əsas verir.
Agentlik sədri ölkədə ilk dəfə keçirilən bu konfransın bitki sağlamlığı, bitki mühafizəsi mövzusunda problem və məsələlərin müzakirəsi platformasına çevriləcəyinə əmin olduğunu vurğulayıb.
Konfransda Aqrar Kredit və İnkişaf Agentliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində bitki sağlamlığı sahəsində geniş işi aparıldığı qeyd edilib. Bildirilib ki, Aqrar Universitetdə müstəqillik dövründə ilk dəfə olaraq açılmış bitki mühafizəsi ixtisasına bakalavr pilləsi üçün layihə çərçivəsində beynəlxalq standartlara uyğun kurrikulum və tədris planları hazırlanıb. Bu istiqamətdə magistr pilləsi üzrə də iş aparılır.
Layihənin bitki sağlamlığı üzrə mütəxəssisi Nəzakət İsmayılzadə ölkədə ilk dəfə olaraq Azərbaycan üçün Karantin Əhəmiyyətli Zərərli Orqanizmlərin Atlasının nəşr edildiyini diqqətinə çatdırıb.
Dünyada bitki mühafizəsi üçün innovativ metodlardan sayılan zərərvericilərin inteqrir idarə olunması ilə bağlı ölkəmizdə 3 bölgədə təlimlərin keçirildiyini vurğulayan mütəxəssis meyvəçilik, kartof və qarğıdalı bitkiləri üzrə təlimlərin başa çatdığını, hazırda belə təlimin pambıq bitkisi üzrə Goranboy rayonunda keçirildiyini əlavə edib.