RƏSMİ XRONİKA
“AQROBİZNES İNVESTİSİYA” BEYNƏLXALQ KONFRANSININ İŞTİRAKÇILARINA
Sizi - Birləşmiş Millətlər Təşkilatının qlobal səviyyədə aqrar siyasəti həyata keçirən mötəbər və nüfuzlu qurumu olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Mərkəzi və Şərqi Avropa üzrə Kənd Təsərrüfatı və Aqrobiznes Təşkilatının (East Aqri Network) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakı şəhərində keçirdikləri “Aqrobiznes investisiya” Beynəlxalq konfransının iştirakçılarını salamlayır, konfransınızın işinə uğurlar arzulayıram.
Ölkəmizdə aqrar sahədə əsaslı islahata və onun dərinləşməsinə, ərzaq təhlükəsizliyinin bir sıra problemlərinin müsbət həllinə səbəb olan başlıca amillərdən biri də bir sıra donor ölkələrin, beynəlxalq maliyyə qurumları və təşkilatlarının, o cümlədən FAO-nun dəstəyi olmuşdur.
Azərbaycanın FAO-ya üzv olduğu 11 il ərzində bu təşkilatın texniki yardımı və maliyyə dəstəyi ilə kənd təsərrüfatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə, bazar iqtisadiyyatının əsaslarının yaxşılaşdırılmasına, fermer təsərrüfatlarında informasiya və monitorinq sisteminin qurulmasına, heyvandarlıq və bitkiçilikdə məhsuldarlığın artırılmasına, baytarlıq və fitosanitariya xidmətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, aqrar elmin inkişafına həsr edilmiş bir sıra layihələr həyata keçirilmişdir və bu xeyirxah tədbirlər hazırda daha geniş miqyasda davam etdirilir.
Əminəm ki, bu konfrans Cənubi Qafqaz regionunda iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sahədə də geniş potensiala malik Azərbaycanda həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı fonunda aqrar istehsal və emal sahələrinə investisiya qoyuluşu imkanlarının təkmilləşdirilməsinə və genişləndirilməsinə öz töhfəsini verəcəkdir.
Hörmətli konfrans iştirakçıları!
Sizi səmimi qəlbdən təbrik edir, insanların rifahı naminə xeyirxah və xoşməramlı fəaliyyətinizdə uğurlar, yeni nailiyyətlər, hər birinizə möhkəm cansağlığı, səadət və sevinc arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2006-cı il.