“Aqroservis” ASC-nin sədri Xızıda vətəndaşlarla görüşüb
Bakı, 19 yanvar, AZƏRTAC
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov yanvarın 19-da Xızı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xızı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə vətəndaşların müraciətləri əsasən texnikaların lizinq yolu ilə əldə edilməsi, dövlət güzəştli satış qaydaları, texnika və gübrə ilə təminat və digər məsələlərlə bağlı olub.
“Aqroservis”in sədri hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Elmin Rəhmanov vətəndaşlarla görüş zamanı kənd təsərrüfatının inkişafı ilə bağlı imzalanan sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.