MƏDƏNİYYƏT
Aqroturizmin təşviqi ilə bağlı Astara və Lerik rayonunda tədbir keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin icra etdiyi “Kənd yerlərində aqroturizmin təşviqi ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Astara və Lerik rayonunda kənd təsərrüfatı subyektləri, turizm sahəsində çalışan sahibkarlar, eyni zamanda uyğun sahələrdə təhsil alan gənclər üçün təlim təşkil edilib.
"Şəfəq" Ekoturizm İB-dən AZƏRTAC-a bildirilib ki, hər iki tədbirdə ümumilikdə 47 nəfər iştirak edib. Tədbirin həyata keçirilməsinə Astara və Lerik rayonunda müvafiq olaraq rayon icra hakimiyyətləri təşkilati dəstək göstərib.
Tədbirin proqramı ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb.
Birliyin idarə heyətinin üzvü, layihə üzrə təlimçi Rafət Şirəliyev iştirakçılarla aqroturizm fəaliyyəti, turizm və kənd təsərrüfatının uyğunlaşdırılması, aqroturizm məhsulları və onların yaradılması, aqroturizmin faydaları, regionda aqroturizm imkanları, aqroturizm sahibkarlıq fəaliyyəti kimi, biznes yanaşması, aqroturizmdə marketinq mövzusunda məlumatları bölüşüb və fərdi tapşırıqlar əsasında potensial aqroturizm fəaliyyətinin müəyyənləşdirilməsi istiqamətində qrup işləri həyata keçirilib.
Yekunda təlim proqramında sonadək iştirak edən iştirakçılara layihənin sertifikatı təqdim edilib.
Məlumat üçün bildiririk ki, növbəti silsilə təlimlər Masallı və Yardımlı rayonlarında həyata keçirilməsi nəzərdə tutulub.