AQSİA-nın təşkilatçılığı ilə şəhid və qazi ailələri ilə görüş olub
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə 150 şəhid və qazi ailələrinə dəstək üçün “İqtisadiyyatda həmrəy qadınlar” adlı görüş olub.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva dövlətimizin başçısı tərəfindən şəhid və qazi ailələrinə yüksək diqqət və qayğı göstərildiyini bildirib.
Daha sonra tədbir iştirakçılarına psixoloji seans və meditasiya tətbiq edilib və köhnə ilin iqtisadi və mənəvi yükünün azaldılması ilə bağlı terapiya edilib.
“İqtisadiyyatda həmrəy qadınlar” adlı layihə çərçivəsində AQSİA üzvləri tərəfindən toplanan maliyyə yardımı vasitəsilə 3 şəhid və qazi ailəsinin sahibkar olaraq formalaşmasına dəstək üçün avadanlıqla təmin edilib.
Qeyd olunub ki, “İqtisadiyyatda həmrəy qadınlar” adlı layihə davamlı olaraq hər ay keçiriləcək.