Avropa Parlamenti geni modifikasiya olunmuş bəzi bitkilər üçün tələbləri yumşaldır
Berlin, 17 iyun, AZƏRTAC
Avropa Parlamenti geni modifikasiya olunmuş müəyyən bitkilərlə bağlı qaydaların yumşaldılmasını nəzərdə tutan qanun qəbul edib.
AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, “Yeni Genom Texnikaları” (NGT) vasitəsilə əldə olunan bəzi bitki məhsullarının satışı zamanı genetik dəyişdirilmiş məhsul kimi ayrıca etiketlənməsi tələb olunmayacaq.
Qanun layihəsi, həmçinin bu kateqoriyaya aid bitkilərin bazara çıxarılması üçün hazırda tətbiq edilən genişmiqyaslı ekoloji risk qiymətləndirmələrinin ləğvini nəzərdə tutur. NGT metodları, o cümlədən “Crispr-Cas” gen redaktəsi texnologiyası ənənəvi seleksiya prosesinin sürətləndirilməsinə imkan verir.
Yeni qaydaların tərəfdarları hesab edirlər ki, bu texnologiyalar quraqlığa daha davamlı, daha az gübrə tələb edən və iqlim dəyişikliklərinə daha yaxşı uyğunlaşan bitki sortlarının yaradılmasına şərait yaradacaq. Qanuna görə, bu cür sortlar yalnız toxum mərhələsində genetik dəyişdirilmiş məhsul kimi işarələnəcək.
Bununla yanaşı, tənqidçilər genetik dəyişdirilmiş bitkilərin tozlanma və küləyin təsiri ilə digər əkin sahələrinə yayılması riskindən narahat olduqlarını bildirirlər. Geni daha çox dəyişdirilən və ya herbisidlərə davamlılıq məqsədilə modifikasiya olunmuş bitkilər isə əvvəlki sərt tənzimləmə qaydalarına tabe qalacaq.
Sənəd yeni sortlar və texnologiyalar üzrə patentlərin qeydiyyatına da imkan verir. Bu məqsədlə gen mühəndisliyi üsulları və toxumlarla bağlı patentlərin yer alacağı açıq məlumat bazasının yaradılması nəzərdə tutulur.