Xankəndidə fəaliyyət göstərən tikiş fabriki fəaliyyətini genişləndirir
Bakı, 17 iyun, AZƏRTAC
Bu sərgidə məqsədimiz yeni tərəfdaşlar tapıb əməkdaşlıq əlaqələrini daha da genişləndirməkdir. Belə sərgilər biznesin inkişafına və yeni bazarlara çıxışı təmin edir ki, bu da istehsal müəssisələri üçün əhəmiyyətlidir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Xankəndidə fəaliyyət göstərən “Az Cotton” fabrikinin istehsalat müdiri Samirə Sərdarova deyib.
Onun sözlərinə görə, 2 il əvvəl istifadəyə verilən fabrikdə bütün növ geyimlər tikilir.
“Əməkdaşlarımız əsasən Xankəndinə yeni köçən qadınlardır. Onlara əvvəlcə yeni texnologiyaların tətbiqi ilə hazırlanmış tikiş maşınlarında işləmək öyrədilir, sonra fabrikdə işlə təmin olunurlar. Dövlət sifarişləri ilə xüsusi formalar da istehsal edirik. Hələlik məhsullarımız yerli bazarda satılır. Lakin danışıqlar aparılır və xarici bazarlara da çıxmağı planlaşdırmışıq. Hazırda 210 işçimiz var və 2027-ci ilə kimi istehsalı genişləndirib işçilərin sayını 1000 nəfər çatdırmağı qarşıya məqsəd qoymuşuq. Belə tədbirlər biznes və istehsal müəssisələri üçün olduqca faydalıdır”, - deyə S.Sərdarova vurğulayıb.