Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib
Kiyev, 17 iyun, AZƏRTAC
Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovo rayonunda təhlükəsizlik vəziyyəti ilə əlaqədar daha 23 yaşayış məntəqəsindən uşaqlı ailələrin məcburi təxliyəsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında yazıb.
Məlumatda deyilir: “Sinelnikovo rayonunun daha 23 yaşayış məntəqəsindən uşaqlı ailələrin məcburi təxliyəsinə başlanılıb. Həmin yaşayış məntəqələri Şaxtyorsk, Dubovikovka və Boqinovka icmalarında yerləşir”.
Qeyd olunur ki, bir ay ərzində təhlükəli əraziləri təxminən 3800 uşaq və yeniyetmə tərk etməlidir.
Qanja bildirib ki, rayonun daha 7 icmasından böyüklərin təxliyəsi davam edir. Onun sözlərinə görə, Nikopol rayonunun Novokiyevka, İlinka və Vışetarasovka yaşayış məntəqələrindən bütün uşaqlı ailələr artıq köçürülüb.
O, həmçinin vurğulayıb ki, Marqanets şəhərinin bir küçəsindən və Nikopol şəhərindən təxminən 100 nəfərin təxliyəsi davam edir.
Qanjanın sözlərinə görə, indiyədək Sinelnikovo rayonundan 49,5 mindən çox, Nikopol rayonundan isə təxminən 750 nəfər köçürülüb.
“Əhalinin təxliyəsi tranzit mərkəzləri vasitəsilə həyata keçirilir. Həmin mərkəzlərdə insanlara maliyyə, hüquqi, psixoloji və tibbi yardım göstərilir, ərzaq və gigiyena dəstləri təqdim olunur, sənədlərin bərpasına kömək edilir. Daha sonra onların yerləşdirilməsi təmin olunur”, – deyə o əlavə edib.