Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
Bakı, 17 iyun, AZƏRTAC
Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində fərdi sahibkar Rabil Fikrət oğlu Piriyevə məxsus yeni heyvan bazarı fəaliyyətə başlayıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, həmin obyekt mövcud bazanın bərpası deyil, müasir tələblərə uyğun şəkildə inşa olunmuş yeni heyvan bazarıdır.
Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.
Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub.
Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı və Ağsu rayonlarında da heyvan bazarları fəaliyyətə başlayıb.
Qeyd edək ki, heyvan bazarları Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır. Yenidən qurulan bazarlar yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.