Sərgi iştirakçısı: Yeni bazarlara çıxış, əlaqələrin yaranması və alıcıların artmasını gözləyirik
Bakı, 17 iyun, AZƏRTAC
İnnovativ “Perqala çardaq sistemi” yeni texnologiyaya əsasən hazırlanan asma tavan növüdür. Evlərdə, bağ evlərində, restoranlarda, hotellərdə daha çox istifadə edilir. Bu, “ağıllı tavan”dır və məkanın havalandırmasını təmin edir. Otağı və ya hər hansı bir məkanı havalandırmaq üçün düymə basılır və tavan açılır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edən “FB Group” şirkətinin rəhbəri Fizuli Bayramov deyib.
O bildirib ki, işğaldan azad olunan Xankəndi, Laçın və digər ərazilərdə istifadəyə verilən hotel, restoranların tavanları bu sistemlə qurulub. İstehsal etdiyimiz məhsulu sərgidə təqdim etməklə yeni bazarlar və tərəfdaşlar tapmağı planlaşdırırıq. Belə sərgilər biznes strukturlarının inkişafına, əlaqələrin genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasına köməklik göstərir. Bu gün Azərbaycanda dövlət dəstəyi ilə biznes mühiti yaxşılaşdırılıb və iş adamları üçün imkanlar yaradılıb. Güzəştli kreditlər, subsidiyalar və güzəştli rüsumların tətbiqi iş adamlarının fəaliyyətini artırır, biznesin genişlənməsinə və faydalı olmasına köməklik göstərir ki, bu da ümumilikdə ölkə iqtisadiyyatının inkişafına töhfə verir. Sərgidə iştirak etməklə yeni bazarlara çıxış, əlaqələrin yaranması və müştərilərin artmasını gözləyirik”, - deyə şirkət rəhbəri qeyd edib.