ARDNŞ-də çalışanların sanitariya-gigiyenik sağlamlığı yüksək səviyyədə mühafizə olunur
Bakı, 26 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövl\ət Neft Şirkətinin (ARDNŞ) müəssisə və təşkilatlarında çalışan işçilərin əməyinin mühafizəsi, peşə xəstəliklərinin qarşısının alınması, yaşayış sahələri üzrə sanitariya-gigiyenik sağlamlığın qorunması, yoluxucu xəstəliklərin profilaktikası və eksepidemik tədbirlərin həyata keçirilməsi daim diqqətdə saxlanılır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sosial İnkişaf İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) bu ilin 9 ayı ərzində sanitariya nəzarətində olan obyektlərdə çoxsaylı müayinələr aparmış və 357 sanitariya-gigiyenik müayinə aktı tərtib edilmişdir. Vəziyyəti qeyri-qənaətbəxş sayılan obyektlərin sağlamlaşdırılması üçün təkliflər verilmişdir. GEM həmçinin, ARDNŞ-in müəssisə, təşkilat və idarələrində müayinələr həyata keçirərək, içməli suyun, ərzaq və hazır xörəklərin sanitariya-kimyəvi və bakterioloji göstəricilərini nəzarətdə saxlayır. İlin əvvəlindən indiyədək neftçiləri su ilə təmin edən su anbarları, su çənləri və mərkəzi su xətlərindən 482 nümunə götürülməklə, laboratoriyada müayinə olunmuşdur.
GEM-in sənaye müəssisələri ilə birgə apardığı məqsədyönlü tədbirlər nəticəsində 2013-cü ilin 9 ayı ərzində ARDNŞ-in istehsalat sahələrində çalışanlar arasında peşə zədələnmələri və peşə xəstəliyi qeydə alınmamışdır. Zərərli istehsalat amilləri ilə təmasda olan işçilərin tibbi müayinəsinin yekun aktları tərtib edilmiş, bu xəstəliklərə səbəb ola biləcək zərərli istehsalat amillərinin təsirini azaltmaq və aradan qaldırmaq üçün müəssisə rəhbərliyinə, müəssisələrin həmkarlar təşkilatına səmərələşdirici təkliflər verilmişdir. Tibbi müayinə zamanı aşkar olunmuş xəstələrin ambulator və stasionar müalicələrə cəlb olunması, gələcəkdə peşə xəstəliklərinin profilaktikası məqsədilə mütəxəssislərin rəyi müəssisə rəhbərləri ilə birlikdə müzakirə edilmişdir.
GEM cari ilin 9 ayı ərzində ARDNŞ-in idarə və müəssisələrində planlı və epidemik göstəriş əsasında geniş sahədə deratizasiya və dezinseksiya işləri həyata keçirmişdir.