Artan beynəlxalq etimad Azərbaycanın qlobal rolunu gücləndirir ŞƏRH
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolu göstərir ki, davamlı tərəqqinin əsas təminatçısı ölkədə uğurla reallaşdırılan siyasət, həmçinin siyasi, iqtisadi və ictimai sabitlik mühitidir. Son onilliklər ərzində regionda və dünyada baş verən mürəkkəb proseslərə baxmayaraq, Azərbaycan ardıcıl inkişaf kursunu qoruyub saxlayıb, dövlət quruculuğu prosesini uğurla davam etdirib və beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan yalnız iqtisadi imkanlarını genişləndirməyib, eyni zamanda etibarlı tərəfdaş və məsuliyyətli beynəlxalq aktor kimi qəbul olunub: “Ötən həftə Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın inkişaf modelinin əsasını təşkil edən amillərə toxunaraq bildirdi ki, “Sabitlik – siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın inkişafının əsas amillərindən biridir”. Məhz bu sabitlik ölkədə iqtisadi yüksəlişə, sosial rifahın güclənməsinə və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm zəmin yaradıb”.
Onun sözlərinə görə, Azərbaycanın nailiyyətləri yalnız daxili inkişafla məhdudlaşmır: “Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb, Azərbaycanın regional mövqelərini daha da gücləndirib. Azərbaycan bu gün postmünaqişə dövründə sülh gündəliyinə sadiq qalaraq əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq təşəbbüslərində fəal iştirak edir. Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, logistika dəhlizləri və iqtisadi inteqrasiya layihələrində mühüm iştirakçıdır. Bu amillər Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verir, ölkənin qlobal və regional təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunmasını gücləndirir”.
O, həmçinin qeyd edib ki, artan beynəlxalq etimad Azərbaycanın nüfuzlu qlobal tədbirlərə ev sahibliyi etməsində də özünü göstərir. Son illərdə COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin təşkilati imkanlarının və sabit inkişaf modelinin göstəricisidir. İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantısının ikinci dəfə Bakıda keçirilməsi də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və ölkəyə göstərilən yüksək etimadın təsdiqidir. Bu qərar Azərbaycanın İslam dünyasında artan rolunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələrini bir daha nümayiş etdirir.
"Beləliklə, bütün bunlar Azərbaycanın bu gün regionun sabitlik və əməkdaşlıq mərkəzlərindən birinə çevrildiyini göstərir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkənin siyasi sabitliyini möhkəmləndirir, iqtisadi inkişafını sürətləndirir və beynəlxalq mövqelərini gücləndirir", - deyə N.Azəri əlavə edib.