Arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 25 oktyabr, AZƏRTAC
İyulun 30-da 1975-ci il təvəllüdlü Nailə Əliyevanın evə gedərkən küçədə öldürülməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Binəqədi Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürdüyü müəyyən olunub.
Elçin Ələkbərov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.