Arxangelsk Mərkəzi Kitabxanasında azərbaycanlı müəlliflərin kitablarının sərgisi açılıb
Moskva, 29 may, AZƏRTAC
M.V.Lomonosov adına Arxangelsk Mərkəzi Şəhər Kitabxanasında “Kitablar körpü salır” adlı sərgi açılıb. Sərgidə azərbaycanlı müəlliflərin kitabları nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, Arxangelsk vilayətinin Azərbaycan diasporu şəhər kitabxanasına Azərbaycan mədəniyyəti haqqında ədəbiyyat hədiyyə edib. Sərginin açılışında “Məkanın cazibəsi” adlı kitabın təqdimatı keçirilib. Bu kitabda şimalda yaşayan şairlərin həm rus, həm də Azərbaycan dilində əsərləri toplanıb. Məcmuənin müəlliflərindən biri - Vasili Matonin qeyd edib ki, bu əsərlərin tərcüməsinə otuz Azərbaycan şair-tərcüməçisi cəlb olunub. V.Matonin deyib: “Məkanın cazibəsi” kitabının dəyərli cəhəti ondan ibarətdir ki, bu topluda şimalda yaşayan şairlərə yaxın obrazlar təsvir edilib. Onlar Azərbaycan dilinə tərcümə edilməklə başqa mədəniyyətə mənsub insanlar üçün də əlyetərli olub”.
Azərbaycan diasporunun idarə heyətinin sədri Tərlan Qasımov qeyd edib ki, azərbaycanlılar Pomorye diyarının həyatında fəal iştirak edirlər. O deyib: “Çox istərdik ki, Arxangelsk vilayətinin hər bir kitabxanasında ayrıca Azərbaycan sektoru olsun. Bu, bizim vəzifəmizdir, biz mədəni dialoqa çalışırıq”.
Kitabxananın istifadəçilərə xidmət şöbəsinin müdiri Tatyana Zadorina etiraf edib ki, xüsusən yaxın xaric ölkələri ilə xalqlar dostluğu onun üçün çox dəyərlidir. T.Zadorina deyib: “Biz mədəni insanlarıq, belə görüşlər bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan diasporunun üzvləri mədəniyyət haqqında kitabları bağışlamaq üçün bizə müraciət edəndə biz böyük həvəslə və minnətdarlıqla razılaşdıq. Bu görüşə birgə hazırlaşmışıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva