“ASAN Akademiya 2019” layihəsinə start verilir
Bakı, 2 aprel, AZƏRTAC
“ASAN Könüllüləri”nin təşkilatçılığı və “Gilan Holding”in maliyyə dəstəyi ilə “ASAN Akademiya 2019” layihəsi həyata keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, aprelin 20-dən iyunun 20-dək olan müddəti əhatə edəcək layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaq, onları təcrübi biliklərə yiyələndirməkdir. Həmçinin onların karyeralarında irəliləmələri üçün təkan verməklə intellektual potensiallarını düzgün dəyərləndirmək prioritetdir.
Layihə müddətində iştirakçılar üçün peşəkarlar tərəfindən liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqram tədris olunacaq.
İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə tədris prosesindən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyaların təşkili nəzərdə tutulur.
Layihədə qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən şəxslər iştirak edəcəklər.
Layihədə iştirak üçün qeydiyyat linki: https://bit.ly/2TKUUYs