ASLAN ABAŞİDZE: “BAKI-TBİLİSİ-CEYHAN HEYDƏR ƏLİYEVİN QƏTİYYƏTİNİN QƏLƏBƏSİDİR”
Xəbər verdiyimiz kimi, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri üçün Yaponiyada istehsal edilən boruların ilk dəsti Gürcüstanın Poti və Batumi limanlarına gətirilmiş və təyinat yerlərinə yola salınmışdır.
Bu günlərdə AZƏRTAC-ın müxbiri Batumidə olarkən Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri Aslan Abaşidze ilə görüşmüş və ondan layihənin həyata keçirilməsi istiqamətində bölgədə görülən işlər haqqında danışmağı xahiş etmişdir.
Aslan Abaşidze vurğulamışdır ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməyə başlanması, ilk növbədə, Azərbaycan Prezidenti Heydər Əliyevin qətiyyətinin qələbəsi və uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycandan söz düşəndə mən 2-ci cahan müharibəsində dünyanın faşizm taunundan xilas edilməsi işində Azərbaycan neftinin rolunu xatırlayıram. Həqiqətən, Azərbaycan nefti olmasaydı, sovet xalqı Böyük Vətən müharibəsində qələbə qazana bilməyəcəkdi.
Acarıstan rəhbəri demişdir: “Mən əminəm ki, dünya şöhrətli şəxsiyyət olan Heydər Əliyevin neft strategiyası uğurla həyata keçiriləcək və bunun Gürcüstan üçün də böyük faydası olacaqdır. Çünki Azərbaycan nefti nəinki Azərbaycan xalqının, eləcə də dünya bazarına nəqli üçün marşrutun keçdiyi ölkələrin xalqlarının rifahının yaxşılaşmasında mühüm rol oynayacaqdır”.
A. Abaşidze Bakı-Tbilisi-Ceyhan kəməri üçün gətirilən boruların Batumi limanında təxirə salınmadan müvafiq məntəqələrə göndərilməsi sahəsində görülən işlərdən danışaraq qeyd etmişdir ki, bu işlər bundan sonra da yüksək səviyyədə aparılacaq və heç bir ləngiməyə yol verilməyəcəkdir.
Acarıstan rəhbəri onu da demişdir ki, boruların növbəti dəsti Batumi limanına fevralın 1-də gətiriləcək və onların da tez bir zamanda mənzil başına yola salınmasından ötrü bütün hazırlıq işləri görülmüşdür.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi