AŞPA-NIN KOMİTƏ SƏDRİ AZƏRBAYCANDA GEDƏN PROSESLƏRİ DƏSTƏKLƏDİYİNİ BİLDİRİR
Ermənistan üzrə həmməruzəçilər Jorj Kolombye (Fransa) və Mikko Elo (Finlandiya) hazırladıqları məruzədə konstitusiya ilə bağlı bir il əvvəl ölkədə keçirilmiş referendumda ciddi saxtakarlığa yol verildiyini, dövlət məmurları arasında korrupsiya hallarının artdığını, Konstitusiya Məhkəməsinin sadə xalq kütləsinin deyil, bir qrup dövlət rəsmilərinin mənafeyinə xidmət etdiyini, hüquq mühafizə orqanları arasında rüşvətxorluğun geniş yayıldığını, demokratik islahatların ləng getdiyini, insan hüquqlarının pozulduğunu müşahidə etdiklərini bildirmişlər.
Məruzədə Dağlıq Qarabağ münaqişəsinə də toxunulmuşdur. Həmməruzəçilər bildirmişlər ki, Ermənistan Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi barədə öhdəlik götürməsinə baxmayaraq, problemin həlli indiyə qədər öz həllini tapmamışdır. Bu problemin həll edilməməsi Cənubi Qafqazın bu bölgəsində sabitlik və sülh üçün ciddi təhlükə yaradır. Ermənistan Prezidenti münaqişənin həllində optimist mövqedən çıxış etmir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Avropa Şurası Parlament Assambleyasının sessiyalarında dəfələrlə müzakirə edilmiş, bu problem üzrə xüsusi alt komitə yaradılmış və komitədə AŞPA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərlərinin dəfələrlə görüşü təşkil edilmişdir. Qurumun qış sessiyasında alt komitədə Azərbaycan və Ermənistan nümayəndələrinin geniş tərkibdə görüşünün keçirilməsi nəzərdə tutulmuşdur. Avropa Şurasının bütün bu səyləri hələlik nəticəsiz qalmaqdadır. Məruzəçilər yeni ildə münaqişənin sülh yolu ilə həllində müəyyən irəliləyiş əldə ediləcəyinə ümidvar olduqlarını bildirmişlər.
Azərbaycan üzrə həmməruzəçilərdən Böyük Britaniyadan olan deputat Toni Lloyd, habelə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yığıncaqda iştirak etmədiklərinə görə, digər həmməruzəçi Andres Herkel (Estoniya) ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə qısa məlumat verməklə kifayətlənmişdir.
Məruzəçi çıxışının əvvəlində ölkəmizdə islahatların müvəffəqiyyətlə həyata keçirildiyini, müsbət irəliləyişlər baş verdiyini qeyd etməklə bərabər, özünəməxsus şəkildə bəzi məsələlərə qeyri-obyektiv münasibətini bildirmişdir.
Öz dəst-xəttinə sadiq qalan və ölkəmizə qarşı qərəzli mövqeyi ilə tanınmış isveçrəli deputat A.Qross A.Herkelin qeyri-obyektiv fikirlərini dəstəkləyərək, ölkəmizə qarşı qeyri-səmimi olduğunu bir daha büruzə vermişdir.
Onlara cavab olaraq, Azərbaycan nümayəndə heyətinin üzvü Aydın Abbasov ölkəmizlə bağlı məruzənin həmməruzəçi T.Lloydun və nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun iştirakı ilə AŞPA-nın qış sessiyasının gedişi ərəfəsində müzakirə olunmasını məqsədəuyğun hesab etmiş, A.Herkelin və A.Qrossun çıxışlarına qəti etirazını bildirmiş, ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi altında islahatların müvəffəqiyyətlə həyata keçirildiyini xüsusi vurğulamışdır.
Komitənin sədri, almaniyalı deputat E.Linter də Azərbaycanda gedən proseslərdən razı qaldığını söyləmiş, Prezident İlham Əliyevlə görüşündən böyük məmnunluq hissi keçirdiyini, ölkə başçısının apardığı siyasəti dəstəklədiyini xüsusi vurğulamış və Azərbaycanı dəstəklədiyini bir daha qeyd etmişdir.