AŞPA-nın komitəsi Azərbaycan nümayəndəsini məruzəçi təyin etmişdir
Sentyabr ayının 5-7-də Parisdə Avropa Şurası Parlament Assambleyası elm, təhsil və mədəniyyət komitəsinin iclası keçirilmişdir. İçlasda Cənub-Şərqi Avropada təhsilin vəziyyəti, münaqişə bölğələrində mədəni irslərin qorunması, “Avropa dili” ilinin qeyd edilməsi, komitənin oktyabr ayının 23-də Yerevanda keçiriləcək iclasının gündəliyi ilə bağlı məsələlər müzakirə olunmuş, Dakar şəhərində keçirilmiş “2015-ci ilədək təhsil hamı üçün” beynəlxalq konfransı barədə YUNESKO nümayəndəsinin məlumatı və “Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı və dünya iqtisadiyyatı” mövzusunda məruzə dinlənilmişdir.
Milli Məclisin deputatı Əli Abbasov iclasda müzakirə olunmuş məsələlərə fəal münasibətini bildirmişdir. O, təhsillə bağlı çıxışında ölkəmizdə bütün uşaqların ilkin təhsilə cəlb olunduğunu, dövlətin bu məsələyə ciddi nəzarət etdiyini xüsusi vurğulamışdır. Ə.Abbasov bir milyondan artıq məcburi köçkünü və qaçqını olan Azərbaycanda bu ailələrin uşaqlarının ali təhsil alması üçün dövlətmizin onları təhsil haqqını ödəməkdən azad etdiyini bildirmiş, respublikamızın bu təcrübəsinin digər ölkələrə yayılmasını təklif etmişdir.
Azərbaycan nümayəndəsi XXI əsrdə dünya iqtisadiyyatının gələcək inkişaf prespektivlərinə, problemlərinə toxunmuş, yeni iqtisadiyyatın bilik üzərində qurulduğunu göstərmiş, bu baxımdan indiki təhsilin düzgün formalaşdırılmasının vacibliyini bildirmişdir. Hazırda diplomların dövlətlər arasında bağlanmış müqavilələr əsasında tanındığını vurğulayan Ə.Abbasov bu sahədə Avropa ölkələri üzrə vahid proqramın və vahid qiymətləndirmə prosesinin tətbiqinin vacibliyini qeyd etmişdir.
Ermənistan nümayəndə heyəti mədəni irslərin qorunması ilə bağlı oktyabr ayında Yerevanda keçiriləcək iclasın proqramını müzakirə üçün AŞPA-nın elm, təhsil və mədəniyyət komitəsinin Parisdə keçirilmiş iclasına təqdim etməli idi. Lakin Ermənistan nümayəndə heyətinin gəlməməsi və qarşıdakı iclasla bağlı komitəyə heç bir sənəd göndərməməsi iştirakçıların böyük narazılığına səbəb olmuşdur. AŞPA-nın gələcək sessiyalarının birində mədəni irslərin qorunması məsələləri ilə bağlı məruzə Azərbaycan nümayəndəsi Əli Abbasova həvalə edilmişdir.
AŞPA-nın monitorinq qrupları müxtəlif bölgələrdə olmuş, öhdəliklərin yerinə yetirilməsi barədə onların hesabatları dinlənilmişdir. Milli Məclisin üzvü Nairə Şahtaxtinskaya monitorinq qruplarının yığıncağında iştirak etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris