SİYASƏT
AŞPA-nın nizamnaməyə uyğun olmayan siyasəti - ŞƏRH
![AŞPA-nın nizamnaməyə uyğun olmayan siyasəti - ŞƏRH](/files/2024/1/1200x630/17068690714641423677_1200x630.jpg)
Bakı, 2 fevral, AZƏRTAC
Son günlər ölkə gündəmini zəbt edən əsas siyasi mövzulardan biri də Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətləridir. Proseslər o qədər sürətlə cərəyan etdi ki, sıravi vətəndaşlar üçün belə bu hadisə qısamüddətli ajiotaj yaratmaq həddinə qədər yüksəldi. Əvvəlcə bir suala cavab verməliyik. AŞPA nədir? Onun haqqında araşdırma etsək, qurumun tərifi necə olacaq? Beləliklə, Parlament Assambleyası Avropa Şurasının (AŞ) 1949-cu ildə yaradılmış ən nüfuzlu qurumlarından biridir. AŞPA Avropa regionunda demokratiyanın, insan haqlarının və hüquq-mühafizə orqanlarının inkişafına töhfə vermək, demokratiyanı möhkəmləndirmək məqsədilə yaradılsa da, öz nizamnaməsinə uyğun siyasət həyata keçirmir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) aparıcı məsləhətçisi Paşa Bayramov söyləyib.
O bildirib ki, AŞPA və bu qəbildən olan digər qurumlar xüsusilə də sadalanan məsələlər üzrə Azərbaycanı daim aşağı ballarla qiymətləndirib. Həmçinin istər insan haqları, istərsə də hüququn aliliyi mövzusunda Qərb dairələri Azərbaycanı daim günahlandırıb. Sual olunur, əgər Azərbaycan uzun illərdir sadalanan mövzularda öhdəliklərini yerinə yetirmirdisə, niyə bir müddət əvvələ qədər bu məsələlər vacib önəm daşımırdı? Ancaq indi səbəb göstərilən mövzular Azərbaycanın üzvlükdən çıxmasına şərait yaradacaq qədər niyə vacib xarakter aldı? Bu baxımdan da AŞPA-nın ikili standartlarının tətbiqi artıq ölkəmiz üçün sınaqdan keçmiş hallardan sadəcə biridir.
“Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinə dair çağırışın müəllifi olan Almaniya Parlamentinin üzvü daha sonra açıqlamasında bildirib ki, onlar Laçın dəhlizinə və Qarabağdakı ermənilərə baş çəkə bilməyiblər. Deputat deyib ki, bu, onların monitorinq hüquqlarına müdaxilədir və Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi üçün əsaslandırılan səbəblərdən biridir. Azərbaycan tərəfinin bəyanatı isə Avropa Şurasının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqların işğalına göz yumması ilə bağlı olub. Azərbaycan xalqının çəkdiyi bəlaların birbaşa günahkarı olan Ermənistanla bağlı tədbirlərin görülməməsi fonunda AŞPA-nın indi ölkəmizlə bağlı qəbul etdiyi bu qərar birbaşa ikili standartların göstəricisidir.
Daha sonra AŞPA-dakı çağırışın müəllifi olan almaniyalı deputat Azərbaycan nümayəndə heyətinin bəyanatına isə qısaca “biz ərazi münaqişələrinə müdaxilə etmirik və bu barədə çalışan başqa qurumlar var” deyərək cavab verməsi özlüyündə daxilən boş məzmunlu ritorikadır”, - deyə Paşa Bayramov vurğulayıb.