AŞPA-NIN SESSİYASINDA DEPUTATLARIMIZIN FƏALLIĞI DAHA DA ARTMIŞDIR
Avropa Şurası Parlament Assambleyasının yanvarın 28-də keçirilmiş iclasında bu beynəlxalq qurumun Nazirlər Komitəsinin hesabatı dinlənilmiş və Avropanın kütləvi informasiya vasitələrində söz azadlığı məsələsi müzakirə edilmişdir.
AZƏRTAC-ın müxbiri Strasburqdan xəbər verir ki, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi deputatlarımızın bu mötəbər beynəlxalq təşkilatın sessiyasında fəallığını daha da artırmışdır. Nazirlər Komitəsinin sədri, Maltanın xarici işlər naziri Jozef Bozçun hesabatından sonra Milli Məclisin deputatı Gültəkin Hacıyeva ona belə bir sualla müraciət etmişdir: “Beynəlxalq terrorizmin və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinin ən aktual və ən qlobal məsələ olduğu bir dövrdə bəzi ölkələrin nəzarətsiz ərazilərində olduğu kimi, Azərbaycanın işğala məruz qalmış Dağlıq Qarabağ bölgəsinin və qərb rayonlarının ərazilərindən Ermənistan terrorçu qruplaşmalar hazırlamaq və narkotik maddələrin tranziti üçün istifadə edir. Avropa Şurası bunun qarşısını almaq üçün hansı konkret addımlar atmaq fikrindədir?!”
Komitənin sədri sualı cavablandıraraq demişdir ki, Avropa Şurası onun üzvü olan dövlətlərin ərazilərindəki münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır və bu münaqişələr aradan qalxdıqdan sonra nəzarətsiz ərazilər problemi də öz həllini tapacaqdır.
Avropanın kütləvi informasiya vasitələrində söz azadlığı məsələsinin müzakirəsinə qatılan Milli Məclisin deputatı Rafael Hüseynov Azərbaycanda və müstəqillik əldə etmiş digər ölkələrdə mətbuatın problemlərinə toxunmuş, Avropa Şurasının peşəkar jurnalist kadrların hazırlığı, Ümumavropa jurnalistikasının əsas məsələləri ilə bağlı kollekviumların, konfransların, simpoziumların keçirilməsi, jurnalistlər arasında təcrübə mübadiləsinin aparılması təkliflərini irəli sürmüşdür.
Milli Məclisin deputatı Səməd Seyidov çıxışında Yerevanda Ermənistan ictimai televiziyası sədrinin vəhşicəsinə qətlə yetirilməsini pisləmiş, Avropa Şurası baş katibinin bu məsələ ilə bağlı bəyanatını dəstəklədiyini bildirmiş, həmin məsələnin Avropa Şurasının sənədlərində öz əksini tapmasını təklif etmişdir. Deputat Səməd Seyidovun bu təklifi AŞPA-nın qətnaməsində öz əksini tapmışdır.
Sessiya öz işini davam etdirir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq