AŞPA-NIN SİYASİ MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASI BAŞA ÇATMIŞDIR
Siyasi məsələlər komitəsinin üzvü Murad Mercan Orta Asiya ölkələrinin xarakterik xüsusiyyətlərinin öyrənilməsinin vacibliyini bildirmiş və bu iclasda səslənəcək fikirlərin onun üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulamışdır.
Sonra Maykl Holl məruzə ilə çıxış etmişdir. O demişdir ki, Beynəlxalq böhran qrupunun əsas məqsədi Orta Asiya ölkələrində vəziyyəti öyrənərək, yaranmış böhranların həllinə kömək göstərməkdən, iqtisadi, ictimai-siyasi vəziyyəti normallaşdırmaq üçün tərəfləri dialoqa cəlb etməkdən ibarət olmuşdur.
Aparılan araşdırmalar və müşahidələr zamanı aydın olmuşdur ki, sovetlər birliyi dağıldıqdan sonra müstəqillik əldə etmiş Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistanda da müəyyən problemlər yaşanmaqdadır. Hesab edirik ki, Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar, inkişaf etmiş Avropa ölkələri Orta Asiya respublikaları ilə əlaqələri genişləndirməlidir. Həmin ölkələrin qanunvericilik bazası təkmilləşdirilməli, bəzilərində təhsil, səhiyyə sistemləri yenidən qurulmalı, iqtisadiyyatının inkişafına yardımlar göstərilməlidir.
Sonra çıxış edən Rusiya Federasiyasının AŞPA-dakı nümayəndəsi Dmitri Aleksandrov demişdir ki, Orta Asiya ölkələri Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Bu ölkələrin hərtərəfli inkişafı çox vacibdir və Rusiya onlarca əlaqələri daim genişləndirir.
Türkiyədəki Avrasiya Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi xanım Gökçen Oğan isə ölkəsinin Orta Asiya ölkələrinə münasibətini açıqlamışdır. O, Türkiyənin bu respublikalarla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirmişdir.
Bu günə qədər Türkiyə həmin ölkələrə 726 milyon dollar məbləğində kredit vermiş, türk iş adamları bu respublikaların iqtisadiyyatına 9 milyard dollar sərmayə qoymuşlar. Eyni zamanda, həmin ölkələrdə təhsilin, səhiyyənin inkişafı ilə bağlı xüsusi proqramlar hazırlanmış və onlar indi də həyata keçirilməkdədir. Amma Orta Asiya ölkələrinin inkişafı üçün bu azdır və Avropa Şurası və Avropa ölkələri də öz yardımlarını göstərməlidir.
Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstandan gəlmiş ekspertlər öz ölkələrindəki vəziyyət barədə ətraflı məlumatlar vermiş, bəzi məqamlara aydınlıq gətirmişlər.
Müzakirələr zamanı Avropa Şurası ilə Orta Asiya ölkələri arasında əlaqələrin genişləndirilməsinin, bu respublikalarda demokratiyanın, fikir və söz azadlığının, mətbuatın, səhiyyənin, təhsilin, infrastrukturun inkişafına diqqətin artırılmasının, texniki cəhətdən əsaslandırılmış makroiqtisadi layihələrin həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.
Murad Mercan hazırlayacağı məruzədə bütün faktların və təkliflərin açıq və obyektiv əks olunacağını bildirmişdir.
Komitənin sədri Əbdülqədir Atəş aparılan müzakirələrin nəticələrini yüksək qiymətləndirmişdir. O, iclasın yüksək səviyyədə təşkilinə, onlara göstərilən qonaqpərvərliyə görə, Azərbaycan Prezidentinə, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinə bir daha minnətdarlığını bildirmişdir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iclasın Bakıda keçirilməsində göstərdikləri köməyə görə, Siyasi məsələlər komitəsinin rəhbərliyinə təşəkkür etmiş, bu cür tədbirlərin əlaqələrimizin inkişafında mühüm rol oynadığını vurğulamışdır.
Bununla da Avropa Şurası Parlament Assambleyası Siyasi məsələlər komitəsinin iclası başa çatmışdır.