AŞPA-NIN YAY SESSİYASINDA AZƏRBAYCANLA BAĞLI BİR NEÇƏ MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏKDİR
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun sonlarında keçiriləcək yay sessiyasında Azərbaycanla bağlı bir neçə məsələ müzakirə ediləcəkdir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a bildirmişdir ki, sessiyada Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan torpaqlarından hələ də çıxarılmaması, atəşkəsin tez-tez pozulması, ekoloji vəziyyətlə bağlı məsələlər gündəlikdədir. Azərbaycanın işğal olunan ərazilərində ermənilərin törətdiyi yanğınlara münasibət bildiriləcəkdir. Artıq bununla bağlı quruma bir neçə qətnamə təqdim olunmuşdur.
Yay sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məruzə də müzakirə olunacaqdır. Sənəddəki bəzi məsələlərin rəsmi Bakını qane etmədiyini vurğulayan Səməd Seyidov demişdir ki, Azərbaycana qarşı qeyri-obyektiv münasibət müşahidə olunsa, nümayəndə heyəti öz etirazını bildirəcəkdir.
Sessiyada əsas müzakirə mövzularından biri də Ermənistandakı vəziyyətlə əlaqədardır. Sessiya ərəfəsində Avropa Şurasının Ermənistan üzrə məruzəçiləri Yerevanda olacaq və onların məruzəsi əsasında Ermənistanla bağlı fövqəladə müzakirələr keçiriləcəkdir.