AŞQABADDA 28 MAY RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Türkmənistandakı səfirliyi Aşqabaddakı “Prezident” mehmanxanasında 28 May - Respublika günü münasibəti ilə mərasim keçirmişdir.
Tədbirdə Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov, Baş nazirin müavini, Türkmənistan-Azərbaycan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının həmsədri Xıdır Saparlıyev, digər rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri, iş adamları, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət -Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində gördüyü işlərdən danışmışdır. Səfir Cümhuriyyətin varisi olan Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsindən sonra qazanılan uğurlar, dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri, onun siyasi xəttinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat vermişdir. Elxan Hüseynov Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri haqqında söhbət açmış, ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar haqqında danışmışdır.
Səfir xalqlarımız arasında dini, mədəni, etnik, tarixi yaxınlığın mövcud olduğunu, dövlətlərimizin başçıları arasında yaranmış yüksək səviyyəli dialoqun ikitərəfli münasibətlərin inkişafına böyük təkan verdiyini bildirmiş, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin dəvəti ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu yaxınlarda Azərbaycana rəsmi səfərini xatırlatmış, gələcəkdə ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə inamını vurğulamışdır.
Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və türkmən xalqı adından xalqımızı təbrik etmiş, Azərbaycan və türkmən xalqları arasında olan dostluq əlaqələrinin tarixi köklərə əsaslandığını bildirmiş, ölkələrimiz arasında hərtərəfli əlaqələrin daha da inkişafına əminlik ifadə etmişdir.
Sonra iştirakçılara ziyafət verilmiş, Azərbaycan musiqisi səslənmişdir.