Aşqarlar Kimyası İnstitutunun laboratoriyaları onlayn fəaliyyət göstərəcək
Bakı, 14 aprel, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən karantin rejiminə görə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamından irəli gələn vəzifələr Əli Quliyev adına Aşarlar Kimyası İnstitutunda da həyata keçirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyevin sərəncamı ilə laboratoriya rəhbərlərinə onlayn formada fəaliyyəti davam etdirmək barədə bir sıra tapşırıqlar verilib. Laboratoriyalarda çalışan elmi işçilər tədqiqat sahəsi üzrə elmi məlumatların toplanması və analizi, elmi məqalələrin yazılıb çapa təqdim olunması, seminar, konsultasiya və konfranslarda iştirak kimi üzərlərinə düşən işləri onlayn formada yerinə yetirəcəklər.
Eyni zamanda, institutun alimləri Azərbaycan dilində vikipediya üçün məqalə hazırlanması və yerləşdirilməsi ilə məşğul olacaqlar, eləcə də “Elmi kadrlar” informasiya portalında hər bir elmi işçi haqqında məlumat yer alacaq. Hər laboratoriya və digər sahələr üzrə qazanılan nailiyyətlər haqqında məlumat institutun portalına daxil ediləcək.
Patent tədqiqatları və elmi informasiyanın analizi şöbəsi elmi işçilərə lazımi informasiya dəstəyi göstərəcək.
Birinci kurs magistrantların təhsili distant formada aparılır, eləcə də ikinci kurs doktorantların elmi pedaqoji-təcrübə, doktorant və dissertantların elmi rəhbərləri ilə məsləhət saatlarının onlayn təşkili nəzərdə tutulur.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əfsun Sucayev karantin dövründə gənclərin elmi fəaliyyətləri sahəsində görülən işlər və əldə edilən nailiyyətlər barədə elmi katibliyi məlumatlandıracaq.