ASTANADA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ QƏBUL TƏŞKİL EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ölkəmizin Qazaxıstandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Mərasimdə Qazaxıstan xarici işlər nazirinin müavini Sarıbay Kayrat, senatorlar, Məclisin deputatları, səfirlər və beynəlxalq nümayəndəliklərin rəhbərləri, ictimai xadimlər, diasporumuzun üzvləri iştirak etmişlər.
Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndikdən sonra səfir Lətif Qəndilov qəbula gələnləri salamlamış, 90 il əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, inkişafı və qısa müddət ərzində gördüyü işlər haqqında məlumat vermişdir.
Səfir Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qazanılmış uğurlar, suverenlik və müstəqilliyimizin qorunub saxlanmasında və dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri, dövlətimizin başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkəmizin neft strategiyası, iqtisadiyyatın dirçəldilməsi sahəsində əldə olunmuş uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ölkəmizin təşəbbüsləri haqqında söhbət açmışdır.
Sarıbay Kayrat Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik etmiş, strateji tərəfdaş olan dost və qardaş ölkələrimiz arasında münasibətlərin dərinləşməsi istiqamətində aparılan işlər haqqında danışmışdır.