Astara sakinlərinin qaz təchizatına dair müraciətləri dinlənilib
Bakı, 22 noyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi səyyar qəbul otağı həftənin ilk iş günündə Astara rayon sakinlərinin ixtiyarına verilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, aksiyada ümumilikdə 26 sakin iştirak edərək qaz təsərrüfatı ilə bağlı onları narahat edən məsələlər barədə müraciətlərini ünvanlayıblar.
Səncərədi kənd sakinləri həmin kəndin genişlənmiş hissələrində inşa edilmiş fərdi yaşayış evlərinin qazlaşdırılmasını xahiş ediblər. Həmkəndlilərindən fərqli olaraq, digər sakin qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Giləkəran kənd sakini və Astara şəhər sakini isə sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsi xahiş ediblər.
Müraciət edən hər bir vətəndaş Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən ətraflı məlumatlandırılaraq bəzi məsələlərin həlli istiqamətində tapşırıqlar verilib.