Astarada “20 Yanvar - Azərbaycan xalqının qan yaddaşıdır” mövzusunda tədbir keçirilmişdir
Astara, 19 yanvar (AZƏRTAC). Astara Pedaqoji Kollecində “20 Yanvar-Azərbaycan xalqının qan yaddaşıdır” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Toplantıda kollecin direktoru, Əməkdar Müəllim Əlihəsən Həmzəyev Azərbaycan tarixinə “Qanlı Yanvar” kimi daxil olmuş hadisələrdən danışmış, milli azadlıq yolunda canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdıqlarını bildirmişdir.
Tədbirdə mövzu çərçivəsində məruzə dinlənilmişdir.
Bildirilmişdir ki, xalqımızın həmin ağır günlərində ümummilli lider Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək verdiyi bəyanatda qanlı hadisələri pisləmiş, buna qəti etirazını bildirmişdir.
Diqqətə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilmiş, qanlı cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanmışdır.
Çıxış edənlər 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımızın qəlbində daim yaşayacaqlarını bildirmiş, respublikamızın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin hər bir azərbaycanlıda böyük qürur hissi doğurduğunu vurğulamış, Dağlıq Qarabağ probleminin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli şəkildə həll olunmasına inamın daha da artdığını diqqətə çatdırmışlar.
Tədbirin sonunda kollecin tələbələrinin ifasında 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.