Astarada Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir
Astara, 9 noyabr (AZƏRTAC). Astara rayonunda 9 Noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Astara şəhərindəki Heydər Əliyev Mərkəzində, rayon tarix-diyarşünaslıq muzeyində, mərkəzi kitabxanada, Astara Pedaqoji Kollecində sərgilər və konfranslar, orta ümumtəhsil məktəblərində rəsm və inşa müsabiqələri, məktəblilər və gənclər arasında kross, sərbəst güləş, şahmat idman növləri üzrə idman yarışları, Kijəbə qəsəbəsindəki və Astara şəhərindəki Dövlət Bayrağı meydanlarında ictimaiyyətin iştirakı ilə bayram tədbirləri keçirilmişdir.
Noyabrın 8-də rayonun bütün orta ümumtəhsil məktəblərində və Astara Pedaqoji Kollecində ilk dərslər Dövlət Bayrağına həsr olunmuşdur.
Astara Rayon İcra Hakimiyyətində Dövlət Bayrağı Gününə həsr olunmuş “9 Noyabr-Dövlət Bayrağı Günü xalqımızın tarixi nailiyyətidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən etmişdir.
Azərbaycan Bayrağı Meydanında ucaldılan bayraq dünyada ən böyük və ən uca bayraq kimi Ginnesin rekordlar kitabına düşmüşdür. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət himninin mətni və Dövlət Bayrağı Muzeyi Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onu daha da baxımlı etmişdir.
Diqqətə çatdırılmışdır ki, Astara rayonunda iki yerdə - Astara şəhərində və Kijəbə qəsəbəsində Azərbaycanın Dövlət Bayrağı ucaldılmışdır. Rayonun giriş qapısı olan Telman kəndində dalğalanan Dövlət Bayrağı isə bu məkana qədəm qoyan hər kəsi heyran edir.
Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mərasim Hacıyevə, Əməkdar Müəllim, Astara şəhər 2 nömrəli tam orta məktəbin direktoru Maya Həsənovaya və “Astara” qəzetinin baş redaktoru Azər Abdullayevə mükafatlar təqdim edilmişdir.