Astarada əhalinin tibbi müayinədən keçirilməsinin təşkili ilə bağlı müşavirə keçirilmişdir
Astara, 15 fevral (AZƏRTAC). Astara Rayon İcra Hakimiyyətində əhalinin tibbi müayinədən keçirilməsinin təşkili ilə bağlı müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi nümayəndələrinin, bələdiyyə sədrlərinin və ictimaiyyətin təmsilçilərinin iştirak etdikləri yığıncaqda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək ölkəmizdə əhalinin pulsuz tibbi müayinədən keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Astara rayonunda əhalini tibbi müayinədən yüksək səviyyədə və mütəşəkkilliklə keçirmək məqsədilə rayon icra hakimiyyətinin sərəncamı ilə komissiya yaradılmış, bu məqsədlə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əhatə etdikləri yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda izahat işləri aparılır.
Toplantıda rayon mərkəzi xəstəxanasının rəhbərliyinə tövsiyə olunmuşdur ki, səhiyyə müəssisəsinin bütün kollektivi əhalinin tibbi müayinədən keçirilməsinə səfərbər edilməli, nəzərdə tutulan tədbirlərin keyfiyyətlə səviyyədə həyata keçirlməsi təmin olunmalıdır.
Bunun üçün əsaslı təmir aparılaraq hər cür tibbi avadanlıqla təchiz edilən, ötən il Prezident İlham Əliyevin açılışında iştirak etdiyi mərkəzi xəstəxanada bütün lazımi şəraitin olduğu diqqətə çatdırılmışdır.
Tədbirdə çıxış edən rayon mərkəzi xəstəxanasının baş həkimi Emin Hüseyn əhalinin tibbi müayinədən keçirilməsi məqsədilə xəstəxanada 3 həkim briqadasının yaradıldığını, gün ərzində təqribən 450 nəfərədək vətəndaşın müayinədən keçirilməsinin mümkünlüyünü bildirmişdir.
Xəsəxananın poliklinika şöbəsinin müdiri Fuad Səmədov, gənc həkim Aytən Şiriyeva, Astara Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev və başqaları çıxışlarında əhaliyə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.