Astarada narkotiklə saxlanılan şəxsin oğurluq etdiyi məlum olub
Astara, 6 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, axtarış zamanı onun üzərindən bir bükümdə heroin və əlavə olaraq narkotik vasitənin qəbulu üçün hazırlanmış bir ədəd şprisdə heroin məhlulu aşkarlanaraq götürülüb.
M.Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi 2 oğurluq faktı da üzə çıxıb.
Belə ki, saxlanılan şəxsin 2018-ci ildə Astara rayonunun Fətəlioba kəndində Z.Dadaşovaya məxsus həyətdəki tövlədən 1800 manat dəyərində balası ilə birlikdə bir baş inəyi və bu ilin fevral ayının 1-də Ərçivan qəsəbəsində yerləşən N.Əsədullayevaya məxsus yaşayış evindən su qızıdırıcısını, qaynaq aparatı dəstini, 2 ədəd mis qazanı, laqonda və burğu aparatını, həmçinin 5 ədəd ev quşunu oğurladığı müəyyən edilib.
Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalar aparılır.