Astarada “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon seçim turunun qalibləri məlum olub
Astara, 9 aprel, Bağır Əliyev, AZƏRTAC
Astara Gənclər Evində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual Oyunu üzrə X Azərbaycan çempionatının Astara rayon seçim turunun qalibləri məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarış iştirakçıları əvvəlcə Aprel döyüşlərində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Seçim turunda 16 komanda qalib adı uğrunda mübarizə aparıb.
Finalda öz qruplarında birinci yeri tutmuş “Everest”, “Xəzər-3”, “Şah” və “Azərlight-2” komandaları yarışıblar.
“Xəmsə” Milli İntellektual Oyunu üzrə X Azərbaycan çempionatının Astara rayonu üzrə seçim turunun yekun nəticələrinə əsasən, Astara şəhər 3 nömrəli tam orta məktəbi təmsil edən “Everest” komandası birinci, Şahağacı kənd 1 nömrəli tam orta məktəbi təmsil edən “Azərlight-2” komandası ikinci yerə layiq görülüb.
Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələrlə mükafatlandırılıblar.