REGİONLAR
Astaranın Motlayataq kəndində tibb məntəqəsinin yeni binası istifadəyə verilib
![](/files/galleryphoto/2019/2/1200x630/156467138980185986_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15646713892837742352_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15646713891289729868_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/1564671389299442510_1200x630.jpg)
Astara, 1 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 1-də Astara rayonunun ucqar dağlıq ərazisində yerləşən Motlayataq kəndində yeni inşa edilmiş tibb məntəqəsinin binası əhalinin istifadəsinə verilib.
Üç min nəfərə qədər əhalinin yaşadığı kənddə səhiyyə xidməti göstərən bina yararsız vəziyyətə düşdüyündən sakinlər lazımi tibbi xidmətlər almaq üçün qonşu kəndlərə və rayon mərkəzinə getməli olurdular.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Tibb məntəqəsinin inkişafı” layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə vəsaiti, Azərbaycan Hökumətinin dəstəklədiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi, yerli bələdiyyə və icma üzvlərinin yaxından köməkliyi ilə icra olunub.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə, o cümlədən Astara rayonunda böyük sosial layihələr həyata keçirilir. Təkcə Motlayataq kəndinin yerləşdiyi Asxanakəran ərazi icra nümayəndəliyin ərazisində 4 müasir yeni məktəb binası tikilib, yol asfaltlaşdırılıb, avtomobil körpüsü inşa edilib.
USAID-in Azərbaycan üzrə nümayəndəsi Eylin Loles Azərbaycandakı fəaliyyətlərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edərək, bundan sonra da USAID-in dəstəyi ilə Astara rayonunda davamlı layihələrin həyata keçiriləcəyinə əminliyini bildirib.
Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev çıxışında layihənin icraçılarına minnətdarlığını ifadə edərək deyib ki, tibb məntəqəsinin inventar və avadanlıqlarla, həmçinin lazımi dərman vasitələri ilə təminatına hər cür köməklik göstəriləcək.
Kənd icmasının rəhbəri Söhbəddin Kişiyev rayon mərkəzindən xeyli uzaqda, dağlıq ərazidə yerləşən, yararsız vəziyyətdə olan, əhaliyə tibb xidməti göstərmək üçün ən adi bir şəraiti olmayan köhnə tikilinin yerində müasir binanın inşa edilməsini yerli sakinlərə böyük töhfə olduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştirakçıları tibb məntəqəsində yaradılan şəraitlə yaxından tanış olublar.