SİYASƏT
ATƏT-İN BAKI OFİSİ AVSTRİYADA MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİR
ATƏT-in Bakı ofisi Azərbaycanda biznesin inkişafı layihəsi çərçivəsində yanvarın 27-dən 29-dək Avstriya paytaxtı yaxınlığındakı Denyub Besin qəsəbəsində üçgünlük maarifləndirmə tədbiri keçirir.
Bakı ofisindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan hökuməti və BMT İnkişaf Proqramı ilə birgə təşkil olunmuş tədbirdən başlıca məqsəd ölkəmizdə kiçik və orta biznesin inkişafı ilə bağlı hökumət siyasətinin təkmilləşdirilməsidir. İlk məşğələlər Avropada məşhur olan “biznes inkubatorlar”ın ölkəmizdə yayılması mövzusuna həsr ediləcəkdir. Sonra iştirakçılar - Nazirlər Kabinetinin, İqtisadi İnkişaf Nazirliyinin, BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin təmsilçiləri və sahibkarlar üçün Mərkəzi Avropa ölkələrinin sənaye obyektlərinə səfərlər təşkil olunacaqdır.
Onlar BMT Sənaye İnkişafı Təşkilatının mütəxəssisləri ilə də görüşəcəklər. Bakı ofisinin rəhbəri Piter Burhardın sözlərinə görə, bu tədbir və sənaye şəhərlərinə səyahət Azərbaycan mütəxəssisləri və sahibkarlarına biliklərini təkmilləşdirməyə kömək edəcəkdir. O, Avropa ölkələri sahibkarlarının iştirakı ilə bu cür tədbirlərin gələcəkdə Azərbaycanda da keçirilməsini mümkün sayır.