ATMU-nun kafedra müdiri: Türkiyənin nüfuzlu universitetləri ilə əlaqələrimiz möhkəmlənir
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev, dosent Çingiz Əliyev, Həlilə Məmmədova Türkiyə-Azərbaycan Universitetində (TAU) keçirilən “Milli qida texnologiyası platformasının yaradılması və kənd təsərrüfatı-qida sektoru strateji tədqiqat və innovasiya gündəliyi: Baxış 2030 proqramının hazırlanması” adlı tədbirdə iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, kafedra müdiri Novruz Quliyev çıxışı zamanı universitetin strateji hədəflərində tələbə-müəllim mübadiləsinə böyük önəm verildiyini, tələbələrin Türkiyənin nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazandıqlarını, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi platformasında Türkiyənin Eskişehir Osmanqazi Universiteti ilə ikili diplom proqramının uğurlu həlli məsələsinin önəmini diqqətə çatdırıb. Mehmanxana və restoran biznesi kafedrası tərəfindən sənaye və ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə vaxtaşırı elmi-praktik seminarların keçirildiyini bildirib.
Türkiyə-Azərbaycan Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən professor Vilayət Vəliyev, TAU-nun prorektoru professor Mehmet Şimşir, onlayn formatda qatılan Haccettepe Universitetinin professoru Vural Gökmen Azərbaycanın ali təhsil müəssisələrinin təmsilçiləri ilə fikir mübadiləsinin təşkilindən məmnunluqlarını bildiriblər və iştirakçıları maraqlandıran sualları cavablandırıblar.