ATU-nun Tədris Cərrahiyyə Klinikasında xəstəyə böyrək köçürülüb
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında böyrək transplantasiyası əməliyyatı həyata keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü xroniki böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddət hemodializ seansları alan xəstəyə anasından alınan böyrək köçürülüb. Donordan böyrəyin alınması Azərbaycanda ilk dəfə olaraq endoskopik üsulla icra edilib. Hazırda donorun və xəstənin vəziyyəti qənaətbəxşdir.
Əməliyyatda ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun başçılığı ilə klinikanın baş həkimi, dosent Asiman Həsənov, həkim-cərrah Ruslan Məmmədov, həkim-uroloq Fikrət Əhmədov, nefroloq Orxan Quliyev, anestezioloq Cavid Paşayev və digər tibb personalından ibarət heyət iştirak edib. İstanbul Bilim Universitetinin professoru Barış Akın ATU-da ilk dəfə icra edilən orqan köçürülməsi əməliyyatına dəstək olub.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov böyrək köçürülən xəstəyə və donora baş çəkərək onların vəziyyəti ilə yaxından tanış olub, hər ikisinə şəfa diləyərək tezliklə sağalıb yaxınlarına qovuşmalarını arzulayıb.