AVQUSTDA HAVANIN TEMPERATURU İQLİM NORMALARINDAN ARTIQ OLACAQDIR
Avqust ayında temperatur iqlim normalarından 1-3 dərəcə artıq olacaqdır. Ayın əvvəlində havanın nisbətən mülayim olacağı gözlənilir. Temperatur normaya yaxın olacaq, bəzi günlər şimal küləyi əsəcək, yağıntının səviyyəsi normaya yaxın, bəzi bölgələrdə isə normadan artıq olacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur -26-28 dərəcə isti ( gecə -20-25 dərəcə, gündüz -30-35 dərəcə, bəzi günlərdə isə 41 dərəcəyə qədər), yağıntının səviyyəsi normaya yaxın (6-8 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur müsbət 25-28 dərəcə (gecə 18-23 dərəcə, gündüz 33-38 dərəcə, bəzi günlərdə 43 dərəcəyə qədər), yağıntının səviyyəsi normaya yaxın (6-10 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur müsbət 19-21 dərəcə (gecə 13-18 dərəcə, gündüz 22-27 dərəcə, ayrı-ayrı günlərdə 34 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (37-55 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur müsbət 25-27 dərəcə (gecə 19-24 dərəcə, gündüz 32-35 dərəcə, bəzi günlərdə 40 dərəcəyə qədər), yağıntının səviyyəsi normaya yaxın (19-24 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur müsbət 23-25 dərəcə (gecə 16-21 dərəcə isti, gündüz -27-32 dərəcə, bəzi günlərdə 38 dərəcəyə qədər), yağıntının səviyyəsi normaya yaxın (17-116 mm) olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur müsbət 27-29 dərəcə (gecə -20-25 dərəcə, gündüz 33-38 dərəcə, bəzi günlərdə 42 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (6-22 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur müsbət 25-27 dərəcə (gecə 18-23, gündüz 30-34 dərəcə, bəzi günlərdə 37 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (13-83 mm) olacaqdır.