AVROPA İTTİFAQI AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ MARAQLIDIR
E.Məmmədyarov nümayəndə heyətinin Cənubi Qafqaz regionuna səfərinin böyük əhəmiyyət daşıdığını bildirmişdir.
Aİ-nin Cənubi Qafqaz ölkələri ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdıran nümayəndə heyətinin başçısı, Avstriya Xarici İşlər Nazirliyinin dövlət katibi Hans Vinkler demişdir ki, qurum Azərbaycanla münasibətlərinin enerji və digər sahələrdə daha da inkişafında maraqlıdır. O, səfərlərindən məqsədin də Azərbaycan-Aİ əlaqələrini möhkəmləndirməkdən ibarət olduğunu açıqlamışdır.
Cənubi Qafqaz ölkələri ilə əlaqələrin genişləndirilməsinə Aİ-nin böyük önəm verməsini yüksək qiymətləndirən nazir E. Məmmədyarov, eyni zamanda, regionun inkişafına mənfi təsir göstərən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinə Avropa İttifaqının dəstəyinin vacibliyini qeyd etmişdir. O bildirmişdir ki, münaqişə ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən sənədlərdə reallıqlar əks etdirilməlidir. Beynəlxalq hüququn normalarına istinad olunmasının, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə riayət edilməsinin zəruriliyini vurğulayan E. Məmmədyarov, əks halda, bunun danışıqlar prosesinə əngəl törədəcəyini bir daha diqqətə çarpdırmışdır.
Görüşdə Avropa İttifaqının enerji sahəsində Azərbaycan ilə əməkdaşlığını möhkəmləndirməyə böyük əhəmiyyət verməsi məsələsinə də toxunulmuşdur. Tərəflər Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan üzrə Fəaliyyət Planının tezliklə qəbul ediləcəyinə əminliklərini də bildirmişlər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.